
Uzun müddətli xroniki sağ mədəcik çatışmazlığı nəticəsində olan venoz durğunluq hepatositlərin zədələnməsinə, bu da sonda qaraciyər sirrozuna səbəb olur. Xroniki ürək çatışmazlığı zamanı qaraciyərin aşağıdakı klinik formada zədələnmələrinə rast gəlinir: Durğunluq hepatopatiyası – qaraciyərdə venoz qan durğunluğu
İşemik hepatit – qaraciyərdə qanda oksigenin kəskin azalması
Kardial fibroz
Qaraciyər sirrozu
Venoz durğunluğun əsas simptomu qaraciyərin böyüməsi, qarın boşluğunda sərbəst maye və dalağın böyüməsidir. Venoz durğunluq 25-50% hallarda işemik hepatitə səbəb olur. İşemik hepatitin əsas klinik əlamətləri:
1. ürəkbulanma, qusma, tez yorulma
2. qarnın sağ yuxarı sektorunda kəskin ağrı
3. sarılıq
Qaraciyərdə durğunluq zamanı son mərhələdə kardial fibroz və qaraciyər sirrozu baş verir.
Kəskin ürək çatışmazlığı və işemik hepatit (şok qaraciyər) zamanı olan kəskin venoz durğunluq ve arterial hipotoniya nəticəsində qaraciyərdə qan dövranı pozulur. Ürək sirrozunda isə uzunmüddətli fibroz nəticədə regenerativ düyünlərin əmələ gəlməsinə səbəb olur.
Sağ mədəcik çatışmazlığı aşağı boş və qaraciyər venasında təzyiqin artmasına səbəb olur, nəticədə qaraciyərdə qan dövranında durğunluq baş verir. Sinusoidlər qanla dolub genəlir, qaraciyər böyüyür, kapsula gərginləşir. Ürəyin yığılma qabiliyyəti zəifləməsi uzunmüddətli venoz durğunluq və işemiyaya səbəb olur. Son olaraq hepatositlərin nekrozu baş verir, sentrolobulyar fibroz inkişaf edir. Venoz durğunluq nəticəsində yaranmış qırmızı sahələrin fibroz nəticəsində yaranmış ağ sahələrlə əvəz olunması qaraciyər kəsiyində xarakterik şəkil olan “muskat qaraciyər görüntüsü” verir.
Son zamanlar kardiologiyanın (əsasən kardiocərrahiyənin) inkişafı nəticəsində ürək mənşəli qaraciyər sirrozunun sayı kəskin azalmışdır.
Klinik şəkil: Kəskin sağ mədəcik çatışmazlığı zamanı qaraciyər böyümüş və ağrılı olur, xəstələr çox zaman sağtərəfli güclü ağrıdan şikayətlənir ki, bu da Qlisson kapsulunun dartılması nəticəsində olur. Laborator göstəricilər fərqlidir: bilirubin səviyyəsi artmış olur, qələvi-fosfataza artır, protrombin vaxtı uzanır, AST zəif qalxmış olur. Arterial təzyiqin kəskin düşməsi bəzi hallarda işemik hepatitə (şok qaraciyər) səbəb olur. Bu klinik gedişinə görə virus və toksiki hepatitə oxşayır, AST kəskin qalxmış olur. Trikuspidal çatışmazlıq qaraciyərdə pulsasiyaya səbəb olur ki, sirroz inkişaf etdikcə pulsasiya itir.
Xroniki sağ mədəcik çatışmazlığı zamanı qaraciyər böyümüş olur, palpasiyada bərk və ağrısızdır. Genəlmiş qida borusu venlərində qanaxmalar az hallarda rast gəlinsə də, qaraciyər ensefalopatiyası əksər hallarda müşahidə olunur. Assit və ödem ilkin dövrdə ürək çatışmazlığı nəticəsində olsa da, sirroz inkişaf etdikcə artmış olur.